"Sülhməramlılar Qarabağda Qələbənin ildönümünü qeyd etməkdənsə..." - Millət vəkilindən etiraz  

19:30 22.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sülhməramlıların missiyaları ilə ziddiyyət təşkil edən bir çox məsələlər üzə çıxır. Erməni və rus media seqmentlərində yayılan məlumatlardan bəlli olur ki, erməni hərbçiləri istədikləri vaxt mülki geyimlərdə Qarabağ ərazisinə keçib, qayıdırlar. Onlar mülki şəxslər sayıla bilməz, artıq onlar terrorçudur, cinayətkardırlar. Ancaq sülhməramlılar belə hallarda da özlərini görməzliyə vururlar. İndi də faşizm üzərində qələbənin növbəti ildönümünü Qarabağ ərazisində qeyd etmək istəyirlər. Belə məsələlər Azərbaycan ictimaiyyətində haqlı narazılıq və çoxlu suallar yaradır”.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Elman Nəsirov deyib. Onun sözlərinə görə, bu gün faşizm üzərində qələbəni qeyd edən sülhməramlılar və onların rəhbərliyi ilk növbədə Ermənistanda faşizmin təbliği və onun genişləndirilməsinə münasibət bildirməlidir:

“Rusiya sülhməramlıları Qarabağda faşizm üzərində Qələbənin ildönümünü qeyd etməkdənsə, gedib Ermənistanda faşizmi yaşadan Ermənistan siyasətinə qarşı etirazını bildirməlidir. Bu cür suallar açıq qalb və haqlı olaraq Azərbaycan ictimaiyyətini narahat edir. Sülhməramlılar 10 Noyabr bəyannaməsindən irəli gələn məsələ ilə bağlı addımlar atmalıdır”.

E.Nəsirov vurğulayıb ki, ölkə Prezidenti bu istiqamətdə dəfələrlə özünün narazılığını bildirib. Deputat Prezidentin Hacıqabul şəhərinə səfəri çərçivəsində etdiyi çıxışa diqqət çəkərək, orada indiyə qədər geniş ictimaiyyət üçün bəlli olmayan məlumatların səsləndirilməsini təsadüfi saymayıb. Onun sözlərinə görə, ölkə rəhbərliyi bütün bu məsələləri Rusiyanın ali siyasi, hərbi rəhbərliyinə çatdırır və bütün məsələlərlə bağlı qanunamüvafiq addımlar atılmasını gündəmə gətirməklə, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoyur.